2026-cı il üçün fəsillərin daxil olma vaxtı açıqlanıb
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2026-cı il üçün fəsillərin astronomik başlanğıc vaxtlarını elan edib. Yer Günəş ətrafındakı orbitində hərəkət edərkən dörd əsas nöqtədən keçdiyi anlarda Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda yeni fəsillər başlayacaq.
Yaz fəsli: 20 mart saat 18:46-da daxil olacaq. Bu zaman yaz bərabərliyi qeydə alınır, Günəş ekvatoru kəsərək Şimal yarımkürəsinə keçir və gecə ilə gündüz bərabərləşir.
Yay fəsli: 21 iyun saat 12:24-də başlayacaq. Yay günəşduruşu zamanı ilin ən uzun gündüzü (15 saat 03 dəqiqə) və ən qısa gecəsi yaşanacaq.
Payız fəsli: 23 sentyabr saat 04:05-də daxil olacaq. Payız bərabərliyi günü Günəş yenidən ekvator xətti üzərində olur və Şimal yarımkürəsində payızın astronomik başlanğıcı hesab olunur.
Qış fəsli: 22 dekabr saat 00:50-də başlayacaq. Qış günəşduruşu günü ən uzun gecə (14 saat 42 dəqiqə) və ən qısa gündüz müşahidə ediləcək.
Orbitin xüsusiyyətlərinə görə Yer Günəşə ən yaxın nöqtədən (periheli) 3 yanvar saat 21:15-də, ən uzaq nöqtədən (afeli) isə 6 iyul saat 21:30-da keçəcək. Bu məsafə fərqi Şimal yarımkürəsində iqlimin nisbətən yumşalmasına təsir göstərir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!