Milli Söz Media

Romanın Çöküşü

6 dəq oxuma
48 Baxış
Paylaş:
Romanın Çöküşü

2026-cı ilin siyasi gündəmi göstərir ki, Donald Tramp xəttinin yaratdığı zədələr təkcə Qərb dünyası ilə məhdudlaşmayıb, ABŞ-ın Yaxın Şərqdə onilliklər ərzində qurduğu təsir mexanizmlərini də ciddi şəkildə sarsıdıb. Qətərdə HƏMAS liderlərinin İsrail tərəfindən vurulması və bu prosesdə ABŞ-ın ya səssiz qalması, ya da dolayı razılıq görüntüsü yaratması ərəb dövlətləri arasında Vaşinqtona olan etimadı alt-üst etdi. Çünki Qətər təkcə HƏMAS məsələsində deyil, ümumilikdə regionda dialoq və vasitəçilik rolunu oynayan əsas aktorlardan biridir. Bu ölkənin ərazisində belə bir əməliyyatın baş verməsi ABŞ-ın ərəb paytaxtlarına verdiyi əsas mesajı açıq şəkildə ortaya qoydu: təhlükəsizlik zəmanətləri artıq şərtidir və lazım gəldikdə gözardı edilə bilər.

Bu hadisənin təsirinin özünü göstərməsi uzun çəkmədi. ABŞ-a ən yaxın ərəb müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanı strateji balansını yenidən nəzərdən keçirməyə başladı və nəticədə Pakistanla hərbi müttəfiqlik müqaviləsi imzaladı. Bu addım təkcə iki ölkə arasında texniki hərbi əməkdaşlıq deyil, eyni zamanda Vaşinqtona ünvanlanmış siyasi mesaj idi: ərəb dünyası alternativ təhlükəsizlik tərəfdaşları axtarır. ABŞ üçün bu, açıq-aşkar yanlış gediş idi, çünki Səudiyyə kimi bir aktorun təhlükəsizlik daktirinasında ABŞ-dan kənar dayaq nöqtələri qurması Yaxın Şərqdə Amerikanın təsir gücünü zəiflədir.

Bu proses Trampın daha geniş xarici siyasət xətti ilə də üst-üstə düşür. Qrenlandiya ilə bağlı absurd iddialar NATO daxilində etimadı sarsıtdı, Kanada ilə bağlı ritorika Britaniya xəttində narahatlıq yaratdı, İran məsələsində isə real xalq narazılıqları fonunda Pəhləvi kimi artıq siyasi çəkisi olmayan fiqurların gündəmə gətirilməsi ABŞ-ın regionu nə qədər yanlış oxuduğunu göstərdi.

Bu strateji dağınıqlıq özünü Orta Şərqdə, xüsusən İranda baş verən hadisələrdə də göstərir. İran xalqının onilliklərdir davam edən repressiv molla rejiminə, sistematik rüşvətə və məmur özbaşınalığına qarşı kütləvi ayaqlanması, “Nə Şah, nə Şeyx” şüarı ilə demokratik idarəçilik tələb etdiyi bir vaxtda, Tramp administrasiyasının artıq bir “siyasi meyid” hesab olunan Rza Pəhləvini gündəmə gətirməsi çox uğursuz bir gedişdir. On minlərlə insanın qətlində ittiham edilən bir ailənin varisini “xilaskar” kimi təqdim etmək, xalqın həm hazırkı rejimə, həm də keçmiş monarxiya repressiyalarına qarşı bəslədiyi nifrəti görməzdən gəlməkdir. Analitik hesabatlar təsdiq edir ki, Pəhləvi kartının oyuna daxil edilməsi milli azadlıq hərəkatını daxildən zəiflədir və xalqın öz müqəddəratını təyin etmə iradəsinə süni müdaxilə kimi qiymətləndirilir.

Ukrayna–Rusiya müharibəsində haqlı tərəf olan Ukraynaya təzyiq göstərilməsi isə ABŞ-ın demokratiya və suverenlik prinsiplərini yalnız öz maraqlarına uyğun şəkildə tətbiq etdiyini açıq şəkildə ortaya qoydu.

Latın Amerikasında baş verən “Operation Absolute Resolve” (Mütləq Qətiyyət Əməliyyatı) isə bu xaosun zirvə nöqtəsi oldu. ABŞ xüsusi təyinatlılarının Karakasda həyata keçirdiyi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirilərək Nyu-Yorka gətirilməsi beynəlxalq hüququn ən fundamental prinsiplərini — dövlət suverenliyini və toxunulmazlığını — ciddi şəkildə sarsıtdı. Hər nə qədər “narkoterrorizm” ittihamı irəli sürülsə də, bu müdaxilə regionda ABŞ-ın “jandarma” roluna qayıtması kimi qiymətləndirildi.

Ukrayna–Rusiya müharibəsində ABŞ-ın haqlı tərəf olan Ukraynaya təzyiqlər göstərməsi isə qlobal hüquq və beynəlxalq nizam prinsiplərinin seçici şəkildə tətbiq edildiyi təəssüratını daha da gücləndirdi. Bu vəziyyət ABŞ-ın illərlə müdafiə etdiyi prinsiplərlə ziddiyyət təşkil edir və Avropa müttəfiqləri arasında ciddi narahatlıqlar yaradır.

Daxili siyasətdə isə ABŞ artıq özü-özü ilə mübarizə aparır. ICE (Miqrasiya və Gömrük Mühafizə Polisi) tərəfindən həyata keçirilən kütləvi deportasiyalar və hərbiləşdirilmiş əməliyyatlar cəmiyyətdə dərin qütbləşmə yaradıb. Bu strukturun metodlarına görə ictimaiyyətdə “Trampın SS bölüyü” kimi adlandırılması ölkə daxilində azadlıqların boğulduğu, hüququn yerini gücün tutduğu bir dövrün simvoluna çevrilib.

Bütün bu proseslər vahid bir mənzərə formalaşdırır: Amerika artıq dünyanı nizamlayan bir qüvvə deyil, öz daxili xaosunu və qeyri-ardıcıllığını qlobal miqyasda yayan bir mərkəzə çevrilməkdədir. “Romanın Çöküşü” — ABŞ-ın mənəvi və siyasi liderliyini itirərək daha xaotik bir dünya nizamına keçidinin sübutudur.

2026-cı ilin mənzərəsi aydındır: problem təkcə Trampın şəxsi qərarlarında deyil, onun təmsil etdiyi siyasi düşüncə tərzindədir. Bu düşüncə müttəfiqləri tərəfdaş kimi deyil, alət kimi görür; xalqların real dinamikası əvəzinə köhnə fiqurlara güvənir; hüquq və institutlar yerinə güc və qorxu üzərindən idarəetməni seçir. ABŞ-ın qlobal nüfuzunun tədricən aşınması, alternativ güc mərkəzlərinin ortaya çıxmasına yol açır.


Nahid İsmayıl

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!